2806
12:04
12 Avqust 2020

Kimlər koronavirus peyvəndi olunmamalıdır? - Alimdən AÇIQLAMA

Rusiyada qeydə alınan koronavirus peyvəndi 18 yaşdan 60 yaşa qədər olan insanlar üçün hazırlanıb.

Lent.az e-tibb.az-a istinadla bildirir ki, Rusiya mətbuatındakı xəbərə görə, Milli Sağlamlıq layihəsinin rəhbəri, tibb elmləri doktoru Dmitri Yedelyev bu barədə aşıqlama verərək kimlərə COVID əleyhinə peyvənd etmək olmaz haqqında danişıb. Onun sözlərinə görə, Rusiyada qeydə alınan koronavirus peyvəndi məhz 18 yaşdan 60 yaşa qədər olan insanlar üçün hazırlanıb. Uşaqlar üzərində təcrübələrin hələ aparılmaması ilə əlaqədar onlara tətbiq oluna bilməz.

O, özündə koronovirusa qarşı antitel titrlərin olmasina baxmayaraq, peyvənd etdirəcəyini deyib: “Mən yaxşı başa düşürəm ki, yenidən yoluxma halları var, ona görə də bu peyvənd mənim həyatımı xilas edəcək”.

Uşaqlara gəlincə, mütəxəssis onların da peyvənd edilmələrini tələb etdiyini deyib. Ancaq o hesab edir ki, bu, dərman milli peyvənd təqviminə daxil edildikdən sonra olmalıdır. Bundan əlavə, D.Yedelyev əlavə edib ki, temperaturu 37 dərəcədən yuxarı olanlar vaksinasiya olunmamalıdır. Onun sözlərinə görə, peyvənd olunmazdan əvvəl mütləq həkim tərəfindən müayinə olunmaq, böyrəklər, qaraciyər, ağciyərlərdə hər hansı bir xəstəlik olub- olmadığını yoxlamaq lazımdır, əgər problem yoxdursa, onda vaksin vurdurmaq olar.

Xatırladaq ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. Dünən ilk peyvəndin qeydiyyatdan keçdiyi açıqlanıb. Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib. O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib. Onun sözlərinə görə, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb.

İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.