Modelyer Leyla Əhmədova həbs xəbərini niyə təkzib edir? - YENİLƏNİB
09 sentyabr 2026 10:20 (UTC +04:00)

Modelyer Leyla Əhmədova həbs xəbərini niyə təkzib edir? - YENİLƏNİB

0

Tanınmış modelyer Leyla Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsinin təfərrüatları məlum olub.

Modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur.

İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb.

“Konsern İnterturan”ın vitse-prezidenti Leyla Əhmədova sözügedən şirkətin rəhbəri olan atası Saday Əhmədovla əlbir olaraq Xətai rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının qanuni əsas və məhkəmə qərarı olmadan sökülməsini təşkil edib. Söküntü nəticəsində binada yaşayan yeddi nəfər mülkiyyətçiyə 1 milyon manata yaxın ziyan dəyib.

Bundan başqa, L.Əhmədovanın torpaq sahəsinin satışını vəd etdiyi şəxsdən gələcək alqı-satqının avansı adı ilə 200 000 manat aldığı, əslində isə satmaq niyyətinin olmadığı və pulu şəxsi ehtiyaclarına xərclədiyi məlum olub.

Fotoda Leyla Əhmədova və atası Saday Əhmədov

Zərərçəkmişlərin şikayəti əsasında modelyer şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə), 186-cı (özgənin əmlakını qəsdən məhv etmə və zədələmə) və 309-cu (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, prokurorun təqdimatı əsasında L.Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin 3 avqust tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hakim Aygün Həsənovanın həbs qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Bir ay Bakı İstintaq Təcridxanasında qalan modelyer ötən gün Xətai Rayon Məhkəməsinin hakimi Elçin Nəsibovun qərarı ilə ev dustaqlığına buraxılıb.

Məhkəmə zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq belə qərar çıxarıb.

Məlumat üçün deyək ki, ev dustaqlığı həbsə birbaşa alternativ olan və şəxsin müəyyən məhdudiyyətlər çərçivəsində yaşayış yerini tərk etməsinə imkan verməyən qətimkan tədbiridir.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, zəruri prosessual hərəkətlər həyata keçirilir.

Qeyd edək ki, Leyla Əhmədova barəsindəki ittihamları təkzib edən açıqlamalar verib. O, məhkəmənin həbs qərarını da inkar edərək, ümumiyyətlə barəsində cinayət işi olmadığını iddia edib: “Yayılan məlumatın heç bir əsası yoxdur. Yanlış məlumatdır. Xaricdə idim, telefonum sönmüşdü. Belə bir şey olsaydı, prokurorluq özü məlumat yayardı”. (qafqazinfo)

***

8 avqust, saat 19:00

Leyla Əhmədova ev dustaqlığına buraxılıb. 

Lent.az xəbər verir ki, Leyla Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

***

Saat 15:55

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Leyla Əhmədova dələduzluqda təqsirli bilinir.

"Qafqazinfo"nun yaydığı xəbərə görə, Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2392

Oxşar yazılar