14:32
24 Aprel 2020

Karantindən sonra maşın bazarını gözləyən TƏHLÜKƏ: - "Qıtlıq OLACAQ"

“Karantin dövründən sonra yay mövsümü ilə əlaqədar avtomobillərə tələbat artacaq”.

Bu sözləri karantindən sonra Azərbaycanın maşın bazarındakı vəziyyəti Lent.az -a şərh edən avtomobil eksperti Eldəniz Cəfərov deyib.

Uzun illərdir Almaniyanın dünya üzrə avtomobil sektorunda öncül dövlətlərdən olduğu hər kəsə məlumdur. Əksər ölkələrin avtomobil tələbatı məhz alman maşınlarının hesabına ödənilir. Ancaq dünyada hökm sürən koronavirus səbəbindən Almaniya hökuməti dövlət sərhədlərini noyabrın 11-dək açmayacağını bildirib. Görəsən, bu qərar Azərbaycanın maşın bazarına necə təsir edəcək? Almaniyadan Azərbaycana avtomobil idxalı dayanacaqmı?

Eldəniz Cəfərovun sözlərinə görə, dövlət sərhədləri bağlı olsa da, avtomobil idxalında bir sıra məhdudiyyətlər olduğu üçün ikinci əl maşın bazarında qıtlıq ola bilər:

“Koronavirus pandemiyası ilə bağlı sərhədlər bağlansa da, beynəlxalq yükdaşımalar həyata keçirilir. O cümlədən, avtomobillər də digər məhsullar kimi qapalı şəraitdə, konteynerlərlə daşınır. Əvvəllər avtomobil idxalı ilə məşğul olanlar fərdi qaydada özləri maşını sürüb gətirirdilər. İndi isə yalnız qapalı yük maşınlarında daşınmağa icazə verilir. Yeni avtomobillərin gətirilməsində heç bir problem yoxdur. Çünki onlar onsuz da yük maşınları vasitəsilə daşınırdı. Amma ola bilər ki, karantin dövründən sonra ikinci əl avtomobil bazarında bir qədər qıtlıq yaşansın. Bu səbəbdən də bəzi KİV-də avtomobillərin ucuzlaşması ilə bağlı məlumatlar yayılır. Bu məlumatlar heç də doğru deyil və həqiqəti əks etdirmir. Yeni avtomobillərin qiyməti diller və distrübütellər tərəfindən endirilməyib. İkinci əl avtomobil bazarında isə durğunluqdur. Qeyd etdiyim kimi, karantin dövründən sonra yay mövsümü ilə əlaqədar avtomobillərə tələbat artacaq. Bu zaman komfortlu ikinci əl maşın bazarında qıtlıq olacaq. Avtomobillərin qiymətində hər hansı bahalaşma olacağını düşünmürəm”.

Dİgər xəbərlər