Nyu Yorkda Xocalı anıldı - FOTOLENT
26 fevral 2020 17:09 (UTC +04:00)

Nyu Yorkda Xocalı anıldı - FOTOLENT

Bu gün Nyu-York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə - 28-ci ildönümünə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbir ABŞ-ın müxtəlif dini və etnik təşkilatlarının təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan və yəhudi icmasının nümayəndələri, o cümlədən Azərbaycanın ABŞ-dakı səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin iştirakı ilə baş tutub.

Tədbirdə ASF-nin icraçı direktoru Ceyson Quberman faciə haqqında məlumat verərək Xocalı qətliamının qurbanlarını yad edib, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğulayıb. Dünya Müsəlmanları Liqasının baş katibi Məhəmməd Əl-İssanın soyqırım ilə bağlı bəyanatına istinad edərək Azərbaycanlılara qarşı bu qətliamın insanlığa qarşı baş vermiş cinayət olduğunu vurğulayıb. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bu faciəni törədənlərə qarşı səyləri artırmağın vacib olduğunu bildirib. Eyni zamanda C.Quberman ümumi olaraq insanlıq əleyhinə cinayətlərə qarşı səylərin gücləndirilməsinin və belə faciələrin qarşı alınmasının əhəmiyyətini vurğulayıb.

Bundan sonra çıxış edən MALA-nın həmtəsisçisi Əhməd Fleks Ömər Xocalı faciəsinin qurbanlarını hörmətlə anıb və təəssüflə vurğulayıb ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alına bilsin. Ə. Ömər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz nəticəsində bu gün də insanların əziyyət çəkdiyini vurğulayıb, bu vəziyyətə son qoyulmasının, münaqişənin ədalətli həlli istiqamətində çalışmağın vacib olduğunu qeyd edib.

Xocalı qətliamı barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov çıxış edib. O, ümumi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Xocalı qətliamınım tariximizin ən faciəvi günlərindən biri olduğunu xatırladıb.

A.Hüseynov beynəlxalq təşkilatlar və qurumlar tərəfindən qətliamın əsaslı şəkildə araşdırıldığını, Ermənistan rəsmilərinin 20-ci əsrdə bütün insanlığın gözü qarşısında qətliamı törətdiklərini fəxr etmələrini xatırlatmışdır və bununla bağlı inglis jurnalisti Tomas De Valın müsahibəsinə istinad edib. Bundan əlavə, Ermənistanda Qaregin Njdenin faşist və irqi ayrı-seçkilil ideologiyasının hələ də hökm sürdüyünü misal çəkib. Sonda hər kəsin bu faciənin birlikdə anılmasına və tolerantlıq, birgə və sülh içində yaşayiş üçün səylərə heç kimin mane ola bilməyəcəyini xüsusi olaraq vurğulayıb.

Sonra Holokostun canlı şahidi Sami Steigmann öz xatirələrini bölüşüb.

Panel üzrə sual-cavab hissəsində Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova Azərbaycanlıların dialoqa daim açıq olduğunu, lakin erməni tərəfinin həm danışıqlar prosesində, həm də siyasi ritorikada təcavüz dilindən daim istifadə etdiyini bildiriblər.

Tədbirin sonunda Xocalı qətliamının 28-ci ildönümünə həsr olunan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) tərəfindən hazırlanmış xatirə lövhəsi təqdim olunub.

# 1172
avatar

Oxşar yazılar