473
10:57
26 Fevral 2020

Parisdə Xocalı soyqırımı anıldı

Parisin 4-cü rayonunda yerləşən Notre-Dame les Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev soyqırımı haqqında geniş məlumat verib.

O bildirib ki, Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir: “Bu faciəni, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşilikləri və dəhşətləri dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq qarşımızda duran ümdə vəzifədir. Bu məqsədlə 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası fəaliyyətə başlayıb və uğurla davam edir”.

Rəhman Mustafayev “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verərək, bu kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib. Bildirib ki, faciənin əsl beynəlxalq hüquqi və siyasi qiymətləndirilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.

“Demokratiyanın beşiyi adlanan Fransa Xocalıda törədilən bu cinayətlərə etinasız qalmayacaq və bu cinayətlərə hüquqi və siyasi qiymət verəcək. Fürsətdən istifadə edərək, Xocalı genosidinin qurbanlarının xatirələrinin anılması üçün Prezidenti Emmanuel Makrona məktub ünvanlamaq təşəbbüslərinə görə bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Assosiasiyalarına təşəkkür edirəm”, - deyə səfir R. Mustafayev diqqətə çatdırıb.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladaraq qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqını məyus edib. Münaqişənin həlli istiqamətində Fransanın üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayaraq diqqətə çatdırıb ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü, böyük Avropa ölkəsi statusuna uyğun olaraq ondan obyektivlik, fəal səy göstərməsini gözləyir: “İnsan hüquqları sahəsində debatlarda avanqard olan Fransa unutmamalıdır ki, Xocalıda qətlə yetirilmiş, işgəncə verilmiş insanların da sakit həyat, təhlükəsizlik, xoşbəxtlik kimi hüquqları var idi”.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş və 14 yaşında doğma yurdundan didərgin düşmüş Mirzəyev Şahsuvar çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açıblar.