Yol sənədi və Azərbaycanda olan qaçqınlar - YENİ imkanlar
19 yanvar 2020 14:50 (UTC +04:00)

Yol sənədi və Azərbaycanda olan qaçqınlar - YENİ imkanlar

Azərbaycanda qaçqın statusu əsasında yaşayan əcnəbilər üçün yol sənədi, pasportlar veriləcək. Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov yol sənədinin nümunəsinin hazır olduğunu və yaxın günlərdə ölkəmizdə qaçqın statusu əsasında yaşayan əcnəbilərə pasportların veriləcəyini də açıqlayıb.

Bu yenilik ölkəmizdə yaşayan qaçqınlar üçün hansı üstünlükləri gətirəcək və nə dərəcədə əhəmiyyətlidir?

Ekspert Azər Allahverənov Lent.az-a bildirib ki, qaçqınların inteqrasiyası vacibdir. Onun fikrincə, bu yenilik Azərbaycanda uzun müddətdir yaşayan qaçqınlar üçün bir sıra imkanlar yaradacaq: “Azərbaycanda İrandan, Əfqanıstandan olan və uzun müddətdir yaşayan qaçqınlar cəmiyyətə müəyyən dərəcədə inteqrasiya olunublar. Onların xarici ölkələrdə fəaliyyət göstərən icmaları, qohumları da var. Müəyyən səbəblərdən xaricə getmələrində çətinliklər əmələ gəlir. Azərbaycan dövlətinin onlara verəcəyi yol sənədi qaçqın statusunda yaşayanlar üçün əlavə imkanlar yaradacaq. Onlar xarici ölkələrə rahat gedə biləcək, orada fəaliyyət göstərən icmaların fəaliyyətində yaxından iştirak edə biləcəklər. Həmin sənəd vasitəsilə daha dinamik olacaqlar. Bu da onların Azərbaycan cəmiyyətinə hərtərəfli inteqarsiya olmalarını təmin edəcək”.

Qeyd edək ki, hazırda Azərbaycanda qaçqın statusu alan 83 əcnəbi Dövlət Miqrasiya Xidmətinin qeydiyyatındadır.

2019-cu ildə 404 əcnəbi qaçqın statusu almaq üçün müraciət edib.

Bu, 2018-ci illə müqayisədə 7 faiz çoxdur. Ölkədə qaçqın statusu əsasında yaşayanlardan 43-ü İran, 30-u Əfqanıstan, 5-i Liviya, 3-ü Pakistan, 2-si Cənubi Afrika vətəndaşıdır.

 

# 2359
avatar

Aygün İbrahimli

Oxşar yazılar