8954
16:27
21 Yanvar 2020

Bu evlərə kompensasiya verilməyəcək? - MÜSAHİBƏ

Tanınmış sığorta üzrə ekspert İlkin İbrahimov daşınmaz əmlakın sığortası ilə bağlı Lent.az -a müsahibə verib. Həmsöhbətimiz sənədsiz evlərin sığortası, ödəniləcək məbləğin miqdarı, azadolma məbləği və digər məsələlər barədə suallarımızı cavablandırıb:

- Sığorta şirkətləri əmlakı sığortalamaq üçün hansı sənədləri tələb edirlər? Hər hansı müqayisəli məqamda vətəndaşlar hara müraciət edə bilərlər?

- Daşınmaz əmlakın icbari sığortası üçün müvafiq sənədlər tələb olunur. Bunlar yalnız qeydiyyatdan keçən sənədlər deyil. Məsələn, yeni tikililərin müqaviləsi olduğu üçün sığortaya həmin müqavilə təqdim olunur. Kiminsə bələdiyyə sənədi və ya şəhadətnaməsi varsa, onu təqdim edərək sığorta etdirə bilər. Daşınmaz əmlak üçün lisenziya alan 12 qeyri-həyat sığorta şirkəti həmin sənədlərdən imtina edə bilməz. Verdiyi imtina da əsaslı olmalıdır. Vətəndaş öz növbəsində şirkətin verdiyi imtinanı müqayisələndirə bilər. Sığorta şirkətlərinə nəzarətedici orqan olan Mərkəzi Bank müraciət edilən evin sığorta edilib-edilməyəcəyi ilə bağlı araşdırma aparır.

- Əgər əmlakın hər hansı sənədi olmasa...

- Heç bir sənədi olmayan evlər məcburi sığorta edilə bilməz. Yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində sənədləri olan əmlak sahibləri cərimələnə bilər. Çünki 2019-cu ilin may ayında sığortanın inkişafı ilə bağlı proqram hazırlanıb. Orada qeyd olunub ki, daşınmaz əmlakın icbari sığortası üçün İcbari Sığortalar Bürosu (İSB) və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi əməkdaşlıq etsinlər.

- Son zamanlar hər kəsi çaşqınlığa salan əsas məsələ mexanizmin hələ də hazır olmamasıdır. Yaşayış və ya qeyri-yaşayış sahələrinin icbari sığortası mexanizmi necə təşkil ediləcək?

- Cərimələri yerli icra hakimiyyəti orqanları həyata keçirəcək. İSB mərkəzləşdirdikdən sonra rayonlar üzrə göndərəcək. Daha sonra bütün məlumatlar elektron olaraq bölünəcək. Mexanizmin tətbiqi elektron formada olduğuna görə sürətli şəkildə hazırlanacaq.

- Vacib məqamlardan biri də ödəniləcək məbləğin miqdarıdır. Çünki əksəriyyət təyin olunan 25 min manatın bir illik üçün nəzərdə tutulduğunu düşünür. Əslində necə olacaq? Bir müştəri üçün il ərzində hadisənin sayından asılı olmayaraq, ümumi 25 min manat nəzərdə tutulub?

- Daşınmaz əmlak sığortası ilə şirkətlərin üzərinə böyük düşür. Təsəvvür edin, 30-50 manat sığorta haqqı qarşılığında hər sığorta hadisəsi üçün maksimum 25 min manat pul ödəniləcək. Məsələn, tutaq ki, il ərzində 4 dəfə yanğın, sel və digər hadisə zamanı əmlaka hər dəfə 20 min manatlıq ziyan dəyib. Bu zaman şirkət həmin müştəriyə il ərzində 80 min manat ödəniş edəcək. Könüllü sığorta ilə məcburi sığortanın fərqi budur. Məsələn, könüllü sığortada bir illik 40 min manatlıq sığorta etdirilir. Hadisə zamanı dəymiş 5 min manat ziyan həmin puldan çıxılır və 35 min manat qalır. Ancaq məcburi sığortada ödəniş baxımından limit yoxdur. Lap 10 dəfə də olsa, zərər müəyyən edilib ödəniləcək.

- Digər düşündürən məsələ hadisə zamanı pulun bütöv verilib-verilməməsidir. Bəziləri fikirləşir ki, hər hadisə baş verən zaman müştəriyə 25 min manat tam ödənilməlidir...

- Xeyr, hadisə zamanı 25 min manat bütöv verilmir. Əmlaka dəyən zərər hesablanır. Əgər 50 minlik bir əmlakın yarısı tam yanıb yararsız olubsa, bu zaman 25 min manat veriləcək. Otağın bir hissəsi yanıbsa, hesablama aparılaraq ödəniş ediləcək.

- Əmlakına cüzi miqdarda, məsələn, 100 manatlıq ziyan dəyən vətəndaş da şirkətə müraciət edə biləcəkmi?

- Bunun üçün azadolma məbləği təyin olunub. Bu o deməkdir ki, vətəndaşlar həmin məbləğə qədər qarşılaşdıqları ziyanı özləri ödəyəcəklər. Həmin məbləğ Bakı üçün 250 manat, Gəncə, Sumqayıt və Naxçıvan üçün 200 manat, digər şəhər və rayonlar üçün 150 manat təyin olunub. Məsələn, hadisə zamanı vətəndaşa dəyən ziyan 300 manat təşkil edəcəksə, şirkət Bakı şəhəri üçün 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan üçün 100 manat, digər bölgələr üçün isə 150 manat ödəniş həyata keçirəcək.

- Daşınmaz əmlakın icbari sığortası hansı halda şirkətlərə ziyan gətirə bilər?

- Mexanizm işə düşəndən sonra hamı sığorta etdirsə, sığorta hadisəsi baş verdikdə, şirkətlər yükün qarşısında dayana bilmədiklərini görüb lisenziyalarını geri çəkəcəklər. Çünki daşınmaz əmlakın icbari sığortası sosial xarakter daşıyır. Onların buna hüququ var. Çünki şirkətlər sığortanın bu növünə könüllü qoşulduqları kimi, könüllü də tərk edə bilərlər.