06:18
17 Dekabr 2019

"Boeing" gələn ildən "737 MAX" tipli təyyarələrin istehsalını dayandırmaq qərarına gəlib

“Boeing” şirkəti 2020-ci ilin yanvarından etibarən “737 MAX” tipli avialaynerlərin istehsalını dayandırmaq qərarına gəlib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

“Sertifikatlaşdırma 2020-ci ilə qədər təxirə salındığından “Boeing” şirkəti “737 MAX” tipli təyyarələrin istehsalını gələn ilin yanvarından dayandırır. İstehsalın azaldılması mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verir”, - deyə məlumatda qeyd olunub.

“737 MAX” model təyyarələrin uçuşları ardıcıl iki təyyarənin qəzaya uğramasından sonra mart ayından etibarən dayandırılıb. Qəzalara səbəb kimi düzgün işləməyən proqram təminatı göstərilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında İndoneziyada “Lion Air” aviaşirkətinə məxsus, bu ilin mart ayında isə “Ethiopian Air” aviaşirkətinə məxsus təyyarələrin qəzaya uğraması nəticəsində ümumilikdə 346 nəfər ölmüşdü. “Boeing” bu çatışmazlıqları aradan qaldırıb və pilot təlim proqramını yeniləyib.

İkinci qəzadan sonra ABŞ Mülki Aviasiyası Federal İdarəsi təyyarələrin sertifikatlaşdırılmasının yoxlanışına başlayıb. Yoxlama bitənə qədər bu modelin ABŞ-da bütün uçuşları qadağan edilib.

Dİgər xəbərlər