TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı oldu - YENİLƏNİB
30 noyabr 2019 17:36 (UTC +04:00)

TANAP-ın Avropa ilə birləşəcək hissəsinin açılışı oldu - YENİLƏNİB

Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan TANAP - Transanadolu qaz boru xətti layihəsinin icrasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz TANAP layihəsinin əhəmiyyətindən danışıblar.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb. Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib. Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdı, onun ölkələri birləşdirdiyini vurğuladı. Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı deyib ki, bundan sonra da iki qardaş ölkə - Türkiyə və Azərbaycan çiyinə-çiyinə irəliləyəcək.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Türkiyə Prezidenti Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyətindən danışıb. “Bu, həm də bir sülh layihəsidir” deyən Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını bildirib. Bu layihənin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyətini vurğulayan Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş Naziri Georgi Qaxariya və digər rəsmi şəxslərin iştirakı ilə TANAP kəmərini TAP kəməri ilə birləşdirilməsi mərasimi olub.

Mərasim xatirə fotosu çəkdirilməsi ilə başa çatıb.

 

***

 

16.26

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

***

15.48

Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Hazırda TANAP Avropaya qazın nəqli üçün tam hazırlıq vəziyyətinə gətirilib.

Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Yunanıstan, Albaniya və İtaliyanı əhatə edən Trans-Adriatik boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Uzunluğu 1 850 km olan TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

Cənubi Qaz Dəhlizinin yaradılması çox mühüm beynəlxalq iqtisadi əhəmiyyət kəsb edir. CQD çərçivəsində Azərbaycan qazının nəqlinə başlanması Avropaya mavi yanacağın tədarükünün şaxələndirilməsinə imkan yaradacaq, Azərbaycanın enerji təhlükəsizliyini daha da gücləndirəcək, eyni zamanda bölgənin beynəlxalq enerji bazarına daha da inteqrasiyasını təmin edəcək.

# 1274
avatar

Oxşar yazılar