Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə həbs olunmuş Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, bugünkü prosesdə anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah olunub.
Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, o işə dünən qoşulduğu üçün cinayət işinin materialları ilə tanış deyil. O, deyib ki, bəzi sübutların çıxarılması və ya əlavə olunması ilə bağlı vəsatətlər də yalnız hazırlıq iclasında verilə bilər. Buna görə vəkil məhkəmədən iclasın təxirə salınmasını xahiş edib.
Azər Cümşüdov da vəkili ilə razılaşıb: "Bu cinayət işi ilə mənim əlaqəm yoxdur. İstintaq müddətində də vəkilim dövlət hesabına olub və onunla əlaqəm olmayıb. Cinayət işi ilə tanış deyiləm. Özümü isə qəti təqsirli bilmirəm. Mənim sübutlarım var ki, həmin dövrdə orada işləməmişəm. Bununla bağlı müvafiq əmrlər var".
Məhkəmənin qərarı ilə hazırlıq iclası dekabrın 9-na təxirə salınıb.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.