Ağciyər xərçəngi təkcə siqaret çəkənlərdə  deyil, qadınlar arasında da artıb
27 noyabr 2025 18:08 (UTC +04:00)

Ağciyər xərçəngi təkcə siqaret çəkənlərdə deyil, qadınlar arasında da artıb

0

Ağciyər xərçəngi getdikcə daha çox gənc və sağlam qadınlarda yayılır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kristi Xuvaras hər gün idman edir, düzgün qidalanır və ömrü boyu 20-dən az siqaret çəkib. O, iyul ayında cəmi 36 yaşında olarkən ona ağciyər xərçəngi diaqnozu qoyulanda şok keçirib.

"Bu, həqiqətən ədalətsiz idi", - Qərbi Virciniyanın Hantinqton şəhərindən olan iki uşaq anası bildirib. "Özümə qulluq etmək üçün əlimdən gələni edirəm. Mənə aydın deyildi ki, məndə sağlam olmayan həyat tərzi və zərərli vərdişlərlə bağlı bir xəstəlik ola bilər".

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, ağciyər xərçəngi həm kişilər, həm də qadınlar arasında ABŞ-da ən çox rast gəlinən ikinci xərçəng növüdür.

Ənənəvi olaraq bu xərçəng növü əsasən yaşlı insanlarla, xüsusilə siqaret çəkmiş kişilərlə əlaqələndirilirdi, – deyə Ohayo Universitetinin Kompleks Onkologiya Mərkəzinin torakal cərrahı doktor İona Bayu bildirib. Lakin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına əsasən, yeni diaqnozların 20 faizə qədəri heç vaxt siqaret çəkməmiş insanlarda qoyulur. Bu halların əksəriyyəti isə qadınlardır.

"Ümumiyyətlə, ağciyər xərçəngi hallarının sayı yavaş-yavaş azalır, lakin qadınlarda bu azalma kişilərə nisbətən daha zəifdir", - Bayu bildirib. "İndi biz tendensiyanın dəyişdiyini görürük və siqaret çəkməmiş daha gənc xəstələrlə rastlaşırıq".

Mütəxəssislər radon qazının təsiri, hava çirklənməsi və genetik mutasiyaları bu artımın əsas səbəbləri hesab edirlər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, radon uran, torium və radiy kimi radioaktiv metalların torpaqda, qayalarda və yeraltı sularda parçalanması nəticəsində əmələ gələn rəngsiz və qoxusuz radioaktiv qazdır.

İnsanlar adətən radonun təsirinə binaların və evlərin çatları vasitəsilə məruz qalırlar. Xuvaras uşaq vaxtı yaşadığı Cənubi Karolinanın Qrinvill şəhərindəki evdə radon təsirinə məruz qaldığını ehtimal edir. Həmin ərazi EPA tərəfindən yüksək radon riskli zona kimi göstərilib.

"Ağciyər xərçənginin ən təəccüblü tərəfi odur ki, insan gənc yaşda radiasiyaya məruz qala bilər, lakin şiş yalnız onlarca il sonra inkişaf edər", - o əlavə edib.

Diaqnozdan sonra Xuvaras öz bir yaşlı oğlu və üç yaşlı qızını qorumaq üçün evində radon azaldıcı sistem quraşdırıb. Xəstəliyinə baxmayaraq, Xuvaras özünü şanslı hesab edir. Ona ağciyər xərçəngi I mərhələdə aşkarlanıb və bu, onun yalnız əməliyyatla şişin və ağciyərinin 20 faiznin çıxarılması ilə sağalmasına imkan verib.

Kimyaterapiya kimi əlavə müalicəyə ehtiyac olmayıb. Diaqnozdan üç həftə sonra o, əməliyyatdan sonra evdə bərpa olunurdu və orqanizmində xərçəng izləri qalmamışdı.

"Birinci mərhələdə ağciyər xərçəngi adətən cərrahi yolla tam çıxarıla bilər və çox vaxt əlavə müalicə tələb olunmur", - Bayu bildirib. "İkinci mərhələdə isə xərçəng limfa düyünlərinə yayılır və xəstələrə cərrahiyyədən başqa sistemli terapiya da lazım olur".

Ağciyər xərçəngini erkən mərhələdə aşkar etmək çox vacibdir, lakin illik skrininq tövsiyələri yalnız siqaret çəkən və ya siqaret çəkmiş insanları hədəfləyir. Buna görə də onkoloqlar siqaret çəkməyən şəxslər üçün belə, xəstəliyin əlamətlərini bilməyi çox vacib hesab edirlər.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, ağciyər xərçənginin ən yayılmış simptomlarına davamlı öskürək, sinə ağrısı, izah olunmayan çəki itkisi, təngnəfəslik və yeni yaranmış xırıltı daxildir. Xuvaras üçün ilk əlamət sinə nahiyəsində şişkinlik olub. O, illik profilaktik müayinəsi zamanı ginekoloquna müraciət edib və bu, bir sıra yoxlamalara səbəb olub. Sonda aparılan müayinələr onun diaqnozunu təsdiqləyib.

Bayu qeyd edir ki, siqaret çəkməyən gənc insanlarda bu cür "təsadüfi" aşkarlanan xərçəng halları göründüyündən daha çox rast gəlinir. O, xəstələri Xuvaras kimi öz sağlamlıqlarını qorumağa çağırır.

"Kristi sağlam həyat tərzinin ideal nümunəsidir. O, idman edir, düzgün qidalanır, heç vaxt siqaret çəkməyib, içki içmir, hər şeyi qaydasına uyğun edir və cəmi 36 yaşı var. Heç kim onda ağciyər xərçəngi gözləməzdi", - Bayu bildirib.

"O, özünü qorudu və məncə, bu, çox vacibdir. Mən insanlara eyni şəkildə öz sağlamlıqlarını qorumağı tövsiyə edirəm".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar