Qida saxlanması üzrə ekspert Coşua Hyuston bildirir ki, soyuducu şokolad üçün heç də ideal mühit deyil. Onun sözlərinə görə, aşağı temperatur sevdiyiniz desertin həm dadını, həm də keyfiyyətini pisləşdirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ekspert şokoladın soyuducuda saxlanılmaması üçün iki əsas səbəbi qeyd edir.
Şokolad digər məhsulların qoxusunu çox asanlıqla özünə çəkir və soyuq temperatur dadı zəiflədir, şokoladı daha az dolğun və xoş edir.
Bundan əlavə, aşağı temperatur şokoladın səthində “şəkər çiçəklənməsi” kimi tanınan ağ örtük yarada bilər.
Şokoladı necə düzgün saxlamaq olar?
Mütəxəssislər ən yaxşı saxlanma yerinin quru mətbəx şkafları olduğunu bildirirlər. Bunun üçün sadə qaydalara əməl etmək kifayətdir.
Optimal temperatur 12–18°C arası olmalıdır, şokoladı günəş şüalarından uzaq saxlamaq lazımdır. Günəş onu rəngsizləşdirir və keyfiyyətini azaldır, açılmış şokolad hava və rütubətlə təmasın qarşısını almaq üçün folqa ilə bükülməli və ya hermetik qabda saxlanmalıdır.
Şokoladın təzəliyini, ətrini və zəngin dadını qorumağın ən optimal yolu onu evdə quru və mülayim temperaturda saxlamaqdır. Soyuducu isə yalnız ən son variant kimi nəzərdən keçirilməlidir.