Şəhidlər Xiyabanından qeyri-etik video paylaşan ərəblər ÜZR İSTƏDİ
27 noyabr 2025 16:12 (UTC +04:00)

Şəhidlər Xiyabanından qeyri-etik video paylaşan ərəblər ÜZR İSTƏDİ

0

Səbail Rayon Məhkəməsində Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşdıqları üçün saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistan Krallığında Daxili İşlər Nazirliyində təhqiqatçı olaraq çalışıb, Alghabr Mahdi Mohammad özəl şirkətdə operator olub, Alzaman Mahdi Ali isə çalışdığı özəl şirkət tərəfindən Səudiyyə Ərəbistan Krallığında DİN-ə mühafizəçi göndərilib.

Onlar müraciət ünvanlayaraq olduqları yerin önəmini anlamadıqlarını, onlarda xiyabanın başqa tərzdə olduğunu söyləyiblər. Etdikləri hərəkətə görə bütün Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyiblər. 

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, onlar qabaqcadan əlbir olan bir qrup şəxs olaraq Şəhidlər Xiyabanına gəlib, zərərçəkən kimi tanınmış 3 şəhidin məzarına gələrək onların şəkillərinə qeyri-etik hərəkətlər edib, məzarların üzərindəki gülləri dağıdıblar. 

Təqsirləndirilən şəxslər elan olunmuş ittihamda özlərini təqsirli bilməyib.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib. Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

İş üzrə zərərçəkən şəxs qismində tanınan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov da işin baxışa verilməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar