2509
15:11
24 Noyabr 2019

Bazarda yeni FIRILDAQ: "4 fəsil “işlədilən” təkərlər dəbə düşüb"

Uyğun təkər seçimi və təkərlərin yenilənməsi sürücülərin daim əsas problemi olaraq qalır. Xüsusən də, fəsil dəyişəndə bu problem bir daha üzə çıxır. Düzdür, qışda fəslə uyğun təkərlər olması bütün mütəxəssislər tərəfindən məsləhət görülür. Ancaq ölkədə qışın sərt keçməməsi sürücüləri də arxayınlaşdırır deyə bilərik. Məhz buna görə də avtomobil sahibləri ilin bütün fəsilləri istifadə oluna bilən təkərlərə üstünlük verirlər.

Qışda havalar çox sərt keçməsə də, uyğun təkərlər alınmalıdırmı? Bütün fəsillər üçün uyğun hesab edilən təkər öz funksiyasını yerinə yetirirmi?

Mövzu ilə əalqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert təkərlərin normalara uyğun olması barədə qanunvericilikdə tələb müəyyənləşməsindən söz açıb. O, həmçinin 4 fəsil istifadə edilə biləcəyi deyilən təkərlərə də aydınlıq gətirib:

“Yol hərəkəti haqqında qanunda avtomobilin istismarı qaydaları müəyyənləşib. Bu qaydalardan biri də təkərlərin protektorları ilə bağlıdır. Protektorların normalar daxilində və yay-qış rejimi ilə bağlı sürücülərin hazırlıqlı olması da tələblərdə öz əksini tapır. Payız və qış aylarında rejimə uyğun təkərlər sürücülərin çox köməyinə gəlir. Təəssüflər olsun ki, bəzən sürücülər buna çox da önəm vermirlər. İndi 4 fəsil “işlədilən” təkərlər dəbə düşüb. Bazarda satıcılar sürücüləri aldadıb həmin təkərləri satırlar. Düşünmürəm ki, həmin o təkərlər 4 fəsil funksiyasını yerinə yetirsin. Sürücülər də buna inanıb alırlar və elə bilirlər ki, bir daşla iki quş vururlar. O təkərlər nə dərəcədə keyfiyyətli ola bilər ki, hər fəsildə istifadə etmək rahat olsun?!”

Elməddin Muradlı iki mövsüm üçün təkər almağın daha məqsdəuyğun olduğunu vurğulayıb:

“Azərbaycanda, xüsusən də Bakıda qış o qədər də sərt keçmir ki, sürücülərin zəncirli təkərlərə ehtiyacı olsun. Ancaq hər bir halda sürücülər bu vəziyyətə hazır olmalıdır. Elə sürücü var ki, bir gün rayonda, bir gün Bakıda olur. Azərbaycanın da elə yerləri var ki, yarım metr qar yağır. Ona görə də hər halda qış təkərlərinin olması yaxşı olardı. Yayda aldığımız təkəri qışda da sürəndə o təkər zay olub gedir. Ancaq iki mövsüm üçün təkər alanda və onları öz mövsümlərində istifadə edəndə həm təkər gec xarab olur, həm də avtomobil rahat istifadə olunur. Necə ki, biz insan olaraq qışda başqa ayaqqabı alıb geyinirik, avtomobil də qış təkərləri ilə rahat olur. İmkanı olanlar həmin təkərləri alsalar yaxşı olar. İmkanı olmayanlar isə heç olmasa normal protektorları olan təkərlərdən istifadə etsinlər”.