459
15:01
01 Noyabr 2019

Ağsaqqallar Şurası Lənkəranda regional konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Lənkəranda "Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi" mövzusunda regional konfrans keçirilib.

APA -nın cənub bürosunun verdiyi məlumata görə, konfransda 12 rayonun Ağsaqqallar şuralarının, YAP Gənclər birliklərinin, Gənclər və İdman idarələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışına Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi gündən Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğulayıb: "Bu gün biz ölkədə gedən inkişafın dərəcəsini müqayisəli surətdə gözümüz önünə gətirəndə hər birimizdə böyük inam hissi, Ulu Öndərə ilahi rəhmət arzusu yaranır. Çünki o öz yolunu hörmətli prezidentimizə həvalə etdi. Bu günə qədər o yol uğurla davam etdirilir. Bu yolda çox çətinliklər, maneələr var, xüsusilə beynəlxalq aləmdə. Ölkənin idarə olunmasında müasir təcrübələrin tətbiq olunması, Azərbaycanın dünya miqyasında tanınması üçün İlham Əliyev böyük işlər görüb. Ölkədə böyük islahatlar gedir. Bu islahatlar fonunda ağsaqqallarla gənclərin bu konfransda yanaşı oturmasının böyük rəmzi mənası var. Gənclər islahatlar yolu ilə həyatı uğurla davam etdirməli, müdrik ağsaqqallarımızın, Ulu Öndərin açdığı yolun davamçılarının təcrübələrinə söykənməlidirlər. Son islahatlar da buna əsaslanır."

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında Prezident İlham Əliyevin müəllifi olduğu milli inkişaf prosesində regional yüksəlişin mühüm yer tutduğunu qeyd edib. O, sosial islahatlar konsepsiyasının Lənkəran rayonunda təzahüründən və görülən genişmiqyaslı işlərdən söz açıb. T. Qaraşov ölkədə gedən hərtərəfli inkişafdan danışaraq, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan 10 dövlətindən biri kimi elan olunduğunu xüsusi vurğulayıb.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov da çıxışında ölkədə yeni islahatlar strategiyasının başladığını diqqətə çatdırıb. Ağsaqqallarla gənclərin eyni konfransa toplanmasını yeniliklə təcrübənin birləşməsi kimi xarakterizə edən B. Sadıqov bunun ölkə başçısının ətrafında sıx birləşmənin təcəssümü olduğunu vurğulayıb.

Sonra bölgələri təmsil edən ağsaqqallar və gənclər tərəfindən mövzu ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov səmərəli ictimai-sosial fəaliyyətinə görə və anadan olmasının 98-ci ildönümü münasibətilə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Kamal İsrafil oğlu Kələntərlini fəxri fərmanla təltif edib.