1234
14:04
23 May 2019

Nazirlik ali məktəblərə qəbulla bağlı qərarları şərh etdi

Bu gün Təhsil Nazirliyində mayın 20-də Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransı keçirilib.

Lent.az xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramovun rəhbərliyi əsasında "Təhsil haqında" qanunda 62 dəyişiklik edildiyi qeyd olunub.

Tədbirdə “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul qaydaları açıqlanıb.

Qeyd olunub ki, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq imkanı əldə edəcəklər.

Qaydalara görə, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək.

Daha sonra ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları media nümayəndələrinin diqqətinə çatdırılıb. Qeyd olunub ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq.

Xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavriat səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə nazirlik tərəfindən baxılacaq. Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Mətbuat konfransında “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsihaqqında da danışılıb. Bildirilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmədən bakalavriat səviyyəsində təhsil almaq üçün ali təhsil müəssisəsinə müsabiqədənkənar yerləşdiriləcək. Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

Tədbirdə, həmçininNazirlər Kabinetinin “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin təsdiq edilməsi haqqında qərarına da toxunulub.

Qeyd edilib ki, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu barədə məlumat verilib. Abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.

Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.