492
10:52
19 Mart 2019

Ramiz Əzizbəyli yeni filmdə - VİDEO - FOTO

Uzun fasilədən sonra Azərbaycanın xalq artisti, professor Ramiz Əzizbəyli yeni filmdə baş rollardan birini ifa edib. Bu barədə Lent.az -a filmin rejissoru Ramil Adiloğlu məlumat verib.

Onun sözlərinə görə, Ramiz Əzizbəyli səhhətiylə bağlı həkim nəzarətində olmasına baxmayaraq, “Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib:

“Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləriylə, həm də yüksək sənət nümayişiylə hər bir sənətçiyə örnək olub. O, tamaşaçıların marağına səbəb olacaq rolu canladırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaqlar. Beləliklə, film tezliklə təqdim olunacaq.”

R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat Hacıqabul” filmi “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Filmdə digər baş rol ifaçısı isə aparıcı və aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Məlumat üçün bildirək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.