125
03:02
05 İyun 2018

Vaşinqtonda AXC-nin 100 illiyi ilə bağlı bəyannamə imzalandı

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA -ya verilən məlumata görə, Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilib.

Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanıb.

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.