Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
APA-nın Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, layihə çərçivəsində 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək.
Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzilin yaradılması nəzərdə tutulur.
Yaşayış Kompleksində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri infrastruktur yaradılacaq. Ərazidə uşaq bağçası və digər iaşə obyektləri inşa ediləcək. Kompleks elektrik enerjisi, qaz, içməli su və kanalizasiya sistemləri ilə təchiz olunacaq.
Bundan əlavə, ərazidə avtomobil yollarının və səkilərin salınması, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.