Məktəbdə dərslərin erkən başlaması  şagirdlərdə depressiya riskini  artırır?
14 yanvar 2026 18:50 (UTC +04:00)

Məktəbdə dərslərin erkən başlaması şagirdlərdə depressiya riskini artırır?

0

Tədqiqatın nəticələrinə görə, məktəblərdə dərslərin çox erkən saatlarda başlaması yeniyetmələrin və gənclərin yuxu rejimini pozur, bu isə onların psixoloji vəziyyətinə birbaşa təsir edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Oreqon Universitetinin araşdırma 16–24 yaş arası gənclər arasında aparılan sorğunun məlumatlarına əsaslanır və həftəsonu yuxu ilə əhval-ruhiyyə arasındakı əlaqə barədə mövcud boşluğu doldurur.

Araşdırma necə aparılıb?

Araşdırmanın rəhbəri Ohayo Universitetinin Yuxu laboratoriyasına rəhbərlik edən psixoloq doktor Melinda Kaysment olub. Onun komandası yeniyetmələrin yuxu saatlarının psixi sağlamlıqla necə bağlı olduğunu araşdırıb.

Araşdırma zamanı 2021–2023-cü illərdə 1000-dən çox iştirakçı həftəiçi və həftəsonu yatma və oyanma vaxtları barədə məlumat verib. Bu məlumatlar tədqiqatçılara iki həftəlik ümumi müşahidə imkanı yaradıb.

Qeyd olunur ki, iştirakçıların özlərinin bildirdiyi yuxu saatları gündəlik vərdişləri əks etdirsə də, bəzi nüansları, gündüz mürgüləmələri, narahat gecələri və ekranların yuxuya real təsirini tam göstərməyə bilər.

İki fərqli yuxu qrupu formalaşıb

Araşdırma zamanı bəzi gənclərin həftəsonu daha yaxşı yatdığı, digərlərinin isə eyni və ya daha az yatdığı müşahidə edilib. Beləliklə, fərqli yuxu rejiminə malik iki qrup yaranıb.

Bu sadə fərq gərgin həftəiçi rejimlə həftəsonu gec oyanmaq arasında geniş yayılmış “kompromisi” göstərir.

Depressiya əlamətləri necə ölçülüb?

İştirakçılar gündəlik əhval-ruhiyyələri barədə hesabat veriblər. ABŞ federal statistikasına görə, 2021-ci ildə 18–25 yaş arası böyüklərin 18,6 faizi ağır depressiya yaşayıb.

Tədqiqatda iştirakçılar hər gün özlərini “kədərli və ya depressiv hiss etdiklərini” deyəndə bu, depressiya əlaməti kimi qiymətləndirilib. Lakin tədqiqat müəllifləri vurğulayıblar ki, bu sual klinik diaqnozu əvəz etmir və simptomların nə qədər davam etdiyini dəqiq göstərmir.

Yeniyetmələr niyə gec yatmağa meyilli olur?

Mütəxəssislər bildirirlər ki, yeniyetməlik dövründə bioloji saat – yəni sirkadiyal ritm dəyişir. Bu da yeniyetmələrin gec yatmağa daha çox meyilli olmasına səbəb olur.

Doktor Kaysment bunu belə izah edib: “İnsan ‘səhər tezdən duran’ olmaq əvəzinə, daha çox gecə bayquşuna çevrilir”.

Erkən dərs saatları yuxu çatışmazlığı yaradır

Dərslər və ya iş çox erkən başlayanda yeniyetmələr yaxşı niyyətlə tez yatmağa çalışsalar belə, bioloji ritmləri buna uyğun gəlmədiyi üçün tam yuxu ala bilmirlər.

Bu səbəbdən pediatrlar orta və yuxarı siniflərdə dərslərin səhər saat 08:30-dan tez başlamamasını tövsiyə edirlər. Erkən zənglər şagirdləri bioloji ritmlərinə uyğun olmayan saatda oyadır və nəticədə məktəb günlərində yuxu müddəti azalır.

Bununla belə, dərslərin gec başlaması ideyası bəzi bölgələrdə nəqliyyat, idman yarışları və ailə planlaması kimi məsələlərə görə çətinlik yaradır.

İdeal yuxu müddəti nə qədər olmalıdır?

Yuxu təbabətində ümumi tövsiyə belədir: yeniyetmələr hər gecə 8–10 saat yatmalıdır və mümkün qədər eyni vaxtda yatıb oyanmalıdırlar.

Doktor Kaysment isə bildirib ki, bu qayda real həyatda çox yeniyetmə üçün praktik deyil.

Həftəiçi yuxu daha önəmlidir

Araşdırmanın nəticələrinə görə, həftəiçi düzgün və kifayət qədər yuxu, depressiya əlamətlərinə qarşı təsir baxımından həftəsonu “kompensasiya yuxusun”dan təxminən iki dəfə daha faydalıdır.

Bundan başqa, yatma vaxtının çox erkən və ya çox gec olması və yuxu-oyanma rejiminin dəyişkənliyi gündəlik depressiya əlamətlərinin yaranma ehtimalını 130 faiz artırıb.

Bu göstərici yeniyetmənin yuxu qrafikinin onun təbii bioloji ritmindən nə qədər uzaqlaşdığını göstərir və bu, həm enerji səviyyəsinə, həm də əhval-ruhiyyəyə mənfi təsir edir.

Həftəsonu “yuxu borcunu” ödəmək faydalıdır, amma həddi aşmamaq şərti ilə

Mütəxəssislər qeyd edir ki, həftəsonu bir qədər artıq yatmaq faydalı ola bilər, lakin yuxu saatlarının çox böyük fərqlə dəyişməsi bazar ertəsi səhərini daha çətin edə bilər və həftənin əvvəlində yuxu rejimini pozar.

Həftəsonu gec oyanmaq “sosial jetlag” yarada bilər, yəni həftəiçi və həftəsonu rejimi arasında uyğunsuzluq bioloji saatı qarışdırır.

Əgər yeniyetmə həftəsonu çox uzun yatırsa, bazar günü gecə tez yatmaqda çətinlik çəkir və bazar ertəsi yenidən yuxu çatışmazlığı ilə başlayır.

Buna baxmayaraq, tədqiqatçılar bildirir ki, həftəsonu yuxunu bir qədər artırmaq yenə də müəyyən qədər qoruyucu rol oynaya bilər.

Doktor Kaysment belə deyib: “Yeniyetmələrin gec yatmağa meyilli olması normaldır. Əgər həftə ərzində kifayət qədər yata bilmirlərsə, həftəsonu yuxularını artırmağa icazə verin, çünki bu, müəyyən mənada onları qoruyacaq”.

Ekranlar və kofein yuxunu daha da pozur

Araşdırmada vurğulanıb ki, gec saatlarda telefon, planşet və digər ekranlara baxmaq yuxunu gecikdirə bilər. Parlaq işıq melatonin hormonunun ifrazını ləngidir və bu da bədənin “gecə rejimi”nə keçməsini çətinləşdirir.

Həmçinin energetik içkilər və kofein də yuxululuq hissini bloklaya bilər. Bu da yeniyetmə həftəsonu çox yatsa belə, ümumi yuxu rejiminin pozulmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar