Smartfonun ekranında görünən kiçik yaşıl nöqtə sadəcə işarə deyil. Bu göstərici tətbiqlərin kamera və ya mikrofondan istifadə etdiyini bildirir. Lakin onun yanması telefonun sındırıldığı və ya sahibinin izlənildiyi demək deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “CHIP.de” nəşri bu işarənin hansı hallarda diqqət tələb etdiyini açıqlayıb.
iPhone-da yaşıl nöqtə kameranın, yaxud kamera ilə mikrofonun birlikdə işlədiyini göstərir. Yalnız mikrofon istifadə olunanda isə narıncı işarə görünür. Android telefonlarında yaşıl göstərici kamera və ya mikrofonun aktiv olduğunu bildirir.
Foto və video çəkərkən, görüntülü danışarkən bu işarənin görünməsi normaldır. Ancaq həmin funksiyalardan istifadə etmədiyiniz halda nöqtə yanırsa, hansı tətbiqin buna səbəb olduğunu yoxlamaq lazımdır.
Bəzən tətbiq arxa planda kamera və ya mikrofondan istifadə edə bilər. Göstərici təkbaşına zərərli proqramın mövcudluğunu sübut etmir, amma gözlənilmədən görünməsinə laqeyd yanaşmaq da düzgün deyil.
Belə vəziyyətdə iPhone-da İdarəetmə Mərkəzini açaraq kamera və ya mikrofondan istifadə edən, yaxud yaxın vaxtlarda istifadə etmiş tətbiqi görmək mümkündür. Androiddə isə ekranın yuxarısından aşağı sürüşdürüb yaşıl göstəriciyə toxunmaqla hansı tətbiqin bu funksiyalara çıxışı olduğunu yoxlamaq olar.
Daha sonra həmin tətbiqə verilən icazələri nəzərdən keçirmək lazımdır. "iPhone"də bu icazələr “Parametrlər” bölməsindəki “Məxfilik və təhlükəsizlik” menyusundan idarə olunur. Androiddə menyuların adı modelə görə dəyişə bilər, lakin müvafiq seçimlər adətən məxfilik və tətbiq icazələri bölməsində yerləşir.
Tətbiqin işləməsi üçün kamera və ya mikrofon lazım deyilsə, həmin icazəni ləğv etmək olar. Tanımadığınız və istifadə etmədiyiniz tətbiqləri də yoxlamaq məqsədəuyğundur.