Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) UNESCO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun Ümumi Təhsil Mərkəzi tərəfindən Təhsil göstəriciləri üzrə Hədəf qrupunun aparıcı tərəfdaşı seçilib. TQDK-dan Lent.az-a verilən məlumata görə, bu status əsasında TQDK yaxın gələcəkdə təhsil və qiymətləndirmə sahəsində bir sıra regional layihələrin idarə edilməsində vacib rol oynayacaq. Buraya Mərkəzi Asiya ölkələrində qiymətləndirmə sahəsi üzrə təlim materiallarının hazırlanması, təlimin həyata keçirilməsi, müxtəlif ölkələr üzrə qiymətləndirmə kataloqunun hazırlanması və digər məsələlərin icrası daxildir.
Qeyd edək ki, Təhsil Göstəriciləri üzrə Hədəf Qrupu təhsil və qiymətləndirmə sistemini gücləndirməklə və bu sahədə mövcud perspektivlərdən istifadə etməklə hər kəs üçün ədalətli təhsilə çatmaq məqsədi ilə hökumətlərin, təşkilatların və şəxslərin kollektiv səylərini əks etdirir. LMTF-in strukturu katiblik, kiçik məsləhət komitəsi, geniş təşkilatlar qrupu-üzvlər, həmçinin tərəfdaş təşkilatlar tərəfindən çağırılan müxtəlif işçi qruplarından ibarətdir.
LMTF-in üzvü kimi TQDK-nın il ərzində mütəmadi virtual brifinqlərdə və işçi qruplarında birbaşa iştirakı nəzərdə tutulur. Bu tədbirlər zamanı Hədəf Qrupunun üzvləri bir araya gəlib müntəzəm olaraq təcrübə mübadiləsi aparacaq, yenilik və müvəffəqiyyətləri, meydana çıxan problemləri müzakirə edəcəklər.