O, boş vaxtlarında yalnız pianoda ifa edir. Zəifliyi, hər gün ağrılarının olması onu bir çox şeylərdən məhrum edib.
APA TV-nin məlumatına görə, 18 yaşlı Lalə talassemiyalı doğulub. Ailəsi isə onun bu xəstəliyindən 6 yaşında olarkən xəbər tutub. Bu illər ərzində ailə bütün qazancını onun müalicəsinə xərcləyib. Hazırda vəziyyəti daha da ağırlaşan Laləyə ilik köçürülməlidir.
Lalənin nənəsi Rübabə Əsgərova bu illər ərzində özləri ilə yanaşı, Lalənin də çox əziyyət çəkdiyini deyir: "Biz 17 ildir heç kimdən kömək istəmədən onu saxlamışıq. Amma 17 yaşında onun qarnına su yığıldı. Həkim bildirdi ki, ona ilik köçürülməlidir. Almaniyada həkimlər bunun üçün 421 min avro istədilər".
Alman həkimlər Lalənin bütün orqanlarının sağlam olduğunu deyirlər. Ancaq ilik köçürülməsi gecikərsə, vəziyyətinin ağırlaşacağından qorxurlar: "18 ildə ayda bir dəfə qan köçürürdüksə, indi 10 gündən bir qan köçürmək lazım olur. Elə uşaq var ki, onun üçün Almaniyada xəstəxanaya 400-500 min köçürülüb. Amma donor tapılmır. Laləyə biz pul köçürə bilmirik, 3 nəfər donor tapılıb. Həkimlər deyir ki, uşaqlara 70 faiz uyğun gələn donor tapılır, Lalə üçün isə 90 faiz donor tapılıb".
Rübabə xanım deyir ki, Lalə əvvəllər xəstəliyi haqqında məlumatsız idi. Ancaq indi ailəsi artıq ona yalan danışa bilmir: "18 yaşında bir uşağın oturub ölümünü gözləməsi çox dəhşətlidir. İndiyədək ona heç nə danışmamışıq. Amma indi deyir ki, siz gizlətməklə deyil, mən artıq bilirəm. Bax, bütün günü bu aparat onun üstündədir. Deyir, mən artıq bu aparatlarla yaşamaqdan bezmişəm. Mən talessimiyalı xəstələr üçün şərait yaradan Mehriban xanıma təşəkkür edirəm. O nə qədər belə xəstələrə yardım olur. Üzümü xeyirxah insanlara tutub, kömək istəyirəm. Laləyə ilik köçürməyimizə kömək etsinlər".
Hər gün sevdiyi mahnıları ifa edən Lalə təhsilini davam etdirmək üçün imtahanlarda da iştirak edib. Ancaq qabiliyyət imtahanından keçə bilməyib. Özünü çox halsız hiss etdiyindən, uzun müddət hazırlaşdığı əsəri də ifa edə bilməyib. Xəstəxanalar, yataq rejimi, uzun müddətli müalicələr, qan köçürmələri Laləni həyatdan təcrid edib. Lalə demək olar ki, heç kimlə danışmır, insanlarla az ünsiyyət qurur: "Mən də istəyirəm hər kəs kimi yaşayım. Mənə kömək edin!"