GÜNÜN ŞƏRHİ
İŞİD Ərbildə ABŞ konsulluğu qarşısında partlayış törədir, Səudiyyə Ərəbistanı Yəməndə husilərin mövqelərini bombalayır. İki hadisə arasında ilk baxışdan əlaqə olmasa da, əslində sıx bağlılıq var. Ərbildə terror aktı zamanı ABŞ konsulluğu ciddi zərər görməyib, Yəməndə bombardmanlar zamanı isə İŞİD və “Əl-Qaidə”yə zərər dəyməyib. Hadisələrin maraqlı ardıcıllığı var - Əsəd ABŞ və müttəfiqlərini terror təşkilatlarını dəstəkləməkdə ittiham edir və bildirir ki, terror təhlükəsi bumeranq kimi geri dönərək Avropanı vura bilər. Ardınca Kopenhagendə terror hədəsi ilə dolu vərəqələr yayılır və İŞİD Ərbildə ABŞ konsulluğu qarşısında partlayış törədir. Daha sonra isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husilərin mövqelərini bombalayır, amma bu bombalardan heç biri İŞİD və “Əl-Qaidə”yə zərər vurmur. Maraqlı ssenaridir, deyilmi? Bu ardıcıllıq İŞİD-in Səudiyyə Ərəbistanının əli ilə Qərbin əlində alətə çevrildiyini isbatlamırmı? Və Əsəd “maliyyələşdirdiyiniz terror təşkilatlarını bir gün sizə qarşı çevirə bilərlər” fikri ilə Səudiyyə Ərəbistanına işarə vurmurmu? Suriya prezidenti əslində bildirmək istəyir ki, ABŞ və Səudiyyə Ərəbistanı müttəfiqdir, amma Ər-Riyadın maraqlarına təhlükə yaransa, səudiyyəlilər İŞİD kartını ABŞ-a qarşı istifadə edə bilər. Buna görə Ərbildə törədilən terror aktında Səudiyyə izi axtarmağa dəyər.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Aprel
107