Sabah sonuncu sınaq imtahanı keçiriləcək. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə Respublikanın 27 şəhərində sınaq imtahanları keçirəcək.
Bu imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib.
İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllim ayrılıb.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!
Qeyd edək ki, cari ildə indiyədək 6 sınaq imtahanı keçirilib və Respublikanın bütün rayonlarını əhatə edib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.
TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.