Qənirə Paşayeva Makedoniyanın türk əsilli dövlət naziri Furkan Çako ilə görüşüb.
Lent.az-ın məlumatına görə, Qənirə Paşayeva onu nazir seçilməsi münasibəti ilə təbrik edib və ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, bu gün də onlarla Azərbaycan türkünün Ermənistanda əsir və girov saxlanılması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.
Millət vəkili Azərbaycan həqiqətlərinin Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində bu ölkədə yaşayan türk əsilli insanların, nazirlərin, siyasətçilərin öz səylərini daha da artıracağına inandığını deyib.
Qənirə Paşayeva görüş zamanı dövlət nazirinə Azərbaycan həqiqətlərinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib. O həm bir nazir kimi Azərbaycan və Makedoniya arasında iqtisadi, ticarət əlaqələrinin daha da artması üçün çalışacağını deyib və buna böyük potensial olduğunu bildirib. Azərbaycan sərmayələrini, iş adamlarını Makedoniyaya cəlb etmək üçün çalışacağını deyən Furkan Çako onlar üçün hər cür imkan yaradılacağına söz verib.