“Səhiyyə elə bir sahədir ki, Azərbaycanın hər bir vətəndaşı gündəlik həyatında onunla təmasda olur və hər kəs burada hər şeyin ideal səviyyədə olmasını istəyir. Bu sahədə istənilən neqativ hal, hər hansı çatışmazlıq etiraz doğurur, tənqid olunur”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, həkimlər, tibb işçiləri, səhiyyənin təşkili ilə məşğul olan hər kəs istəyir ki, çalışdıqları və cavabdeh olduqları sahə qüsursuz, şəffaf, mütəxəssislər ən yüksək səviyyədə olsun.
Səhiyyə naziri bununla bağlı kadr siyasətində böyük işlər görüldüyünü deyib. O. Şirəliyevin sözlərinə görə, əvvəllər özəl universitetlərdə tibb fakültələri var idi və Klinikaları, xəstəxanaları olmayan bu fakültələri hər il yüzlərlə tələbə bitirsə də, onlar mütəxəssis kimi tam hazırlanmırdı: “Bu gün dünya praktikasında qəbul olunmuş tibb işçilərinin sertifikasiyası kimi praktikanın ölkəmizdə tətbiqi həkimləri daimi nəzəri biliklərini artırmağa sövq edir. Bu ildən etibarən həkimlər işə mərkəzləşmiş qaydada test üsulu ilə imtahan verməklə qəbul olunur ki, bu da praktikada həm ixtisas səviyyəsi imkan verməyənlərin həkim kimi çalışmasının qarşısına sədd çəkir, həm də regionlarda illərlə boş qalan vakant yerlərin həkim kadrları ilə təmin olunmasına xidmət edir. Mərkəzləşmiş işə qəbul imtahanları nəticəsində məlum oldu ki, insanlar əvvəllər təəssürat yaradıldığı kimi, region tibb müəssisələrindən qaçmırlar, əksinə, böyük həvəslə bölgələrə gedirlər”.