Nazirlik 29 əlili Türkiyəyə müalicəyə göndərib
22 aprel 2015 10:58 (UTC +04:00)

Nazirlik 29 əlili Türkiyəyə müalicəyə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan daha 29 nəfər xaricdə bərpa-müalicəsinin təşkili məqsədilə Türkiyəyə göndərilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkədə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, habelə onların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin daim gücləndirildiyini vurğulayıb: “Bu ayın əvvəlində 28 nəfər əlilliyi olan şəxs Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə yola salınıb. Onlara mərkəzdə yüksək səviyyədə bərpa-müalicə xidməti göstərilib ki, bu da onların səhhətində müəyyən yaxşılaşmaya səbəb olub. Bu, artıq əlilliyi olan şəxslərdən ibarət növbəti qrupdur ki, həmin mərkəzə yola salınır. Beləliklə, son bir ayda Nobel Tibb Mərkəzində bərpa-müalicə kursuna göndərilən əlilliyi olan şəxslərin sayı artıq 57 nəfərdir”.

 

Şöbə müdiri bildirib ki, sosial proqramların 2015-ci ildə də uğurla davam etdirilməsinin bir təzahürü kimi, cari ildə ƏƏSMN tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ötən ilki ilə müqayisədə 20 faizədək çox, yəni 190 nəfər təşkil edəcək. Onlardan 75 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olacaq ki, həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə yola salınacaq.

 

S. Abdullayev qeyd edib ki, Türkiyənin Dənizli bölgəsi özünün müalicəvi təbii potensialı, o cümlədən müalicəvi palçıq sahələri, mineral bulaqları, şəfalı havası və suyu ilə tanınan sanator-kurort məkanıdır: “Nobel Tibb Mərkəzində də bu bölgənin müalicəvi resurslarından istifadə olunmaqla səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) tətbiq olunur. Yola salınan əlilliyi olan şəxslər mərkəzdəki 5 ulduz oteldə yerləşdiriləcək və peşəkar həkim-reabilitoloq personalı tərəfindən onlara lazımi reabilitasiya xidmətləri göstəriləcək. Orada əlilliyi olan şəxslərin bərpa müalicəsinə nəzarət etmək, eləcə də mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün ƏƏSMN-nin bir nəfər həkimi də Türkiyəyə ezam edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar