Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və dünyanın bir sıra ən nüfuzlu qurumları olan Roma Klubu, Madrid Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Çatman Evi, Rokfeller Fondu, İsgəndəriyyə Kitabxanası, Konqres Kitabxanası, Sülh və Mədəniyyət Fondu, Jon Hopkins Universiteti, Stanford Universiteti nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd dünyada böyük ehtiyac duyulan mədəniyyətlərarası və dinlərarası dialoqun qurulması üçün yeni bir hərəkatın başlanmasına təkan verən birgə fəaliyyət mexanizminin qurulmasıdır.
Bu toplantı YUNESKO-nun sabiq Baş direktoru Federiko Mayor Saraqosa, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin və Latviyanın sabiq prezidenti Vayra Vike-Frayerberganın moderatorluğu ilə keçiriləcək. Toplantıda Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, səfir Valter Füst kimi nüfuzlu ekspertlərin də iştirakı planlaşdırılır. Bu layihə ilə əlaqədar iyul ayında BMT baş katibin xüsusi müşaviri Nafis Sadikin rəhbərliyi ilə xüsusi toplantı baş tutacaq.