Tanınmış Güney Azərbaycan musiqiçisinə hökm oxunub. APA-nın HRAZ-a istinadən məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsi Həsən Dəmirçini 6 ay azadlıqdan məhrum edib.
Azərbaycanlı bəstəkar Azərbaycan türklərinin problemləri ilə bağlı keçirilən iclaslarda iştirak etmək, "İran dövlətinin icazəsi olmadan Qaradağ zəlzələsindən zərər çəkmiş insanlara köməklik göstərmək və ianə toplamaq", "musiqi kursları təşkil etmək, Azərbaycan musiqisini tədris etmək", "ölkə daxilində və xaricindəki İrana qarşı qüvvələrlə əlaqədə olmaq" və "həbsxanadan çıxan azərbaycanlı siyasi məhbusların qarşılanma mərasiminə getməkdə" günahlandırılıb.
Məhkəmə prosesi iyulun 14-də keçirilib. Hakim Həmid Purbağır İran İslam Cəza Qanununun 500-cü maddəsini əsas götürərək 65-dən çox yaşı olan azərbaycanlı ziyalıya belə bir cəza verib. Ancaq bu ittihamlara görə həmin maddənin tətbiqinin mümkün olmadığı bildirilir.
Qeyd edək ki, H. Dəmirçi indiyədək dəfələrlə təqib və təzyiqlərə məruz qalıb. Azərbaycanlı bəstəkar 2006-cı il may hadisələri zamanı Təbriz şəhərində həbs edilib və bir il həbs cəzasına məhkum olunub.
"