Ötən günlər ərzində yağan intensiv yağışlar nəticəsində respublika çaylarında sululuq artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, aprelin 11-də Gəncə-Qazax bölgəsinin Gəncəçay və Kürəkçay çaylarında səviyyə xeyli yüksəlib. Bu gün isə Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 99 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 70-100, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yağan yağışlar nəticəsində aprelin 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 37 sm artım müşahidə olunsa da, aprelin 13-də suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən artım müşahidə olunub.
Belə ki, Kür çayının Surra məntəqəsində 22, Şirvanda 6, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində 58 sm artım, Salyanda isə 12 sm azalma qeydə alınıb.