Prezident İlham Əliyev aprelin 11-də Lənkəran şəhərinə səfəri çərçivəsində yeni yaradılan “Gilan aqro-sitrus” təsərrüfatı ilə tanış olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısına bildirilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkəmizdə qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Bütövlükdə kənd təsərrüfatının inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin “2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” Sərəncam imzalaması da dövlətin aqrar sahəyə diqqətinin növbəti əyani göstəricisidir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Artıq “Kənd təsərrüfatı ili”nə dair tədbirlər planı da təsdiqlənib. Plana uyğun olaraq aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. “Kənd təsərrüfatı ili” çərçivəsində iri təsərrüfatların yaradılması da nəzərdə tutulur. Bu isə fermer və kəndli təsərrüfatlarına maddi-texniki dəstəyin daha da artmasına və ərzaq istehsalının həm daxili, həm xarici bazar üçün təminatına şərait yaradır. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin inkişafına təkan verəcək, onun modernləşdirilməsini sürətləndirəcək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcək. Tədbirlər planına uyğun olaraq Lənkəranda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb.
Məlumat verilib ki, yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Ərazidə plakatlar, meyvələr və onlardan hazırlanan məhsullardan ibarət sərgi nümayiş etdiriləcək.
Sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.
Daha sonra ölkə başçısı Lənkərana səfəri çərçivəsində Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu ilə tanış olub. Əvvəlcə dövlət başçısına avtomobil yolunun sxematik planı təqdim edilib. Bildirilib ki, uzun illər təmir işləri aparılmaması nəticəsində yol istismara yararsız vəziyyətə düşüb. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolun yenidən qurulmasına Prezidentin ehtiyat fondundan 2 milyon manat və 2014-cü il 6 noyabr tarixli digər sərəncamına əsasən isə dövlət büdcəsindən 3,6 milyon manat, ümumilikdə 5,6 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılıb, tikinti işləri bu ilin aprelində başa çatdırılıb. Məlumat verilib ki, yolun inşası zamanı ən müasir texnoloji üsullardan istifadə edilib, işin keyfiyyətlə və qısa müddətdə görülməsinə xüsusi diqqət yetirilib. 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun ümumi uzunluğu 18,8 kilometr, eni 6 metrdir. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı ətrafındakı bataqlıq qurudulub, əraziyə torpaq tökülərək mindən çox həmişəyaşıl küknar ağacları əkilib. Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, eyni zamanda ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkədə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.