Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Xaçmaz rayonunda yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz, Quba, Qusar, Şabran, Xızı və Siyəzən
rayonlarının vətəndaşları ilə görüşüb.
ETSN-nın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüşdə H. Bağırovla birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 60-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə ilə bağlı şikayət və təkliflər dinlənilib. Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, eyni zamanda aidiyyəti qurumlara çatdırılması üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.
Bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər də edilib, onlara da müvafiq kömək göstərilməsi mümkün olacağı təqdirdə Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.