Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində əsas yol aprelin 12-si səhər saatlarından nəqliyyatın hərəkəti üçün bağlanıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən APA-ya verilən məlumatına görə, hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətində mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.
Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.
Məlumatda o da bildirilir ki, Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor qovşağına qədər olan hissəsinin aprelin 12-dən aprelin 13-ə keçən gecə bağlanması nəzərdə tutulsa da, “Azəryolservis” ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.