Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadeniz “APA Holding”ə tanışlıq ziyarəti edib.
APA-nın məlumatına görə, holdingin prezidenti Vüsalə Mahirqızı ilə görüşən mətbuat müşaviri Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri barədə danışıb, iki ölkənin media qurumları arasında əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb. Hamit Karadeniz Azərbaycanın aparıcı media orqanlarında keçirdiyi görüşlərdə əlaqələrin daha da genişləndirilməsi üçün təklifləri dəyərləndirdiyini, Türkiyə səfirliyinin Basın Müşavirliyinin fəaliyyətinin qurulmasında bu təkliflərdən istifadə olunacağını bildirib.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı qonağa rəhbərlik etdiyi media qurumunun fəaliyyəti barədə geniş məlumat verib. Azərbaycan mediasının qısa dövrdə böyük inkişaf yolu keçdiyini vurğulayan holdinq prezidenti bildirib ki, ortaq dilə, mədəniyyətə və tarixə malik iki ölkənin cəmiyyətlərinin bir-birini daha da yaxından tanımasında əsas ağırlıq medianın üzərinə düşür. Bu gün medianın cəmiyyətdə rolunun daha da artdığına diqqət çəkən Vüsalə Mahirqızı bildirib ki, iki ölkənin media sahəsində birgə layihələr həyata keçirməsi mətbuat nümayəndələrinin peşəkarlığının artmasına müsbət təsir göstərmiş olardı. Görüşdə media qurumları ilə Türkiyə səfirliyi arasında əlaqələrin daha yaxşı formada qurulması, iki ölkənin media qurumlarının daha aktiv əməkdaşlığının təşkilinə dair təkliflər səsləndirilib, bu sahədə mövcud problemlərin aradan qaldırılması fikir mübadiləsi aparılıb. Hamit Karadeniz səslənən təkliflərin dəyərləndiriləcəyini bildirib və “APA Holding”lə əməkdaşlıqdan məmnunluq duyacağını ifadə edib.