Bu ay Günəş və Ay tutulmaları baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, bu ilin ilk Ay tutulması sabah qeydə alınacaq.
X. Mikayılov qeyd edib ki, bu proses 3 saat 35 dəqiqə davam edəcək: “Bakı vaxtı ilə saat 10:58-də başlayacaq Ay tutulması saat 14:33-də başa çatacaq. Tutulma Avstraliya, Sakit Okeanda və Amerikada müşahidə olunacaq”.
X. Mikayılov qeyd edib ki, aprelin 29-da isə bu ilin ilk Günəş tutulması qeydə alınacaq.
Həlqəvari Günəş tutulması adlanan hadisə Avstraliya, Hind Okeanı və Antarktikada müşahidə olunacaq: “İlk Günəş tutulması Bakı vaxtı ilə saat 8:54-də başlayacaq, saat 13:14-də başa çatacaq. Bu hadisələrin heç biri Azərbaycanda müşahidə olunmayacaq.
Qeyd edək ki, bu ilin oktyabr ayında isə ikinci Ay və Günəş tutulmaları baş verəcək.
Ay tutulması oktyabrın 8-də olacaq, 3 saat 29 dəqiqə davam edəcək. Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə ediləcək Ay tutulması saat 14:15-də başlayacaq və saat 17:34-də başa çatacaq.
Günəş tutulması isə oktyabrın 24-də qeydə alınacaq. Oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq ikinci Günəş tutulması saat 04:52-də başa çatacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın 10-a yaxın ərazilərində müşahidə ediləcək.