Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara uyğun yenidən təşkil olunmuş 190 Çağrı Mərkəzi istifadəyə verilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, yenilənmiş Çağrı Mərkəzinin açılışında çıxış edən DSMF sədri Elman Mehdiyev əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsinin Fond üçün əsas prioritet olduğunu deyib.
Onun sözlərinə görə, ötən dövrdə sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib. Məlumat verilib ki, Fondun müasir əsaslarla təşkil edilmiş fəaliyyət istiqamətlərinin mühüm komponenti olan vətəndaşların müraciətlərinə elektron qaydada baxılması prosesi üç istiqamət üzrə həyata keçirilir ki, bunlardan biri də 190 Çağrı Mərkəzi vasitəsi ilə aparılır. Fəaliyyətinə 2008-ci ildən start verilən Çağrı Mərkəzinin ötən dövrdə zəruri infrastruktur və təchizat sisteminin, eləcə də xidmət göstəricilərinin müasir tələblərə uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb. Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Mərkəz zəruri işçi qüvvəsi, avadanlıq, proqram təminatı, texniki və metodiki vasitələrlə təmin edilib.
Çağrı sistemində pensiyaların avtomatlaşdırılmış təyinatı; məcburi dövlət sosial sığortası; əmək pensiyaları; fərdi uçot; elektron xidmətlər üzrə müraciətlərin cavablandırılması həyata keçirilir. Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə, digər vaxtlarda isə operatorlar tərəfindən cavablandırılan canlı rejimdə fəaliyyət göstərir. Qeyd olunanlardan əlavə, "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması haqqında" NK-nın sərəncamının icrasını təmin etmək məqsədilə Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir. Fondun Çağrı mərkəzi vasitəsilə 2013-cü ildən Fondun tətbiq etdiyi avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.