Dövlət Sosial Müdafiə Fondunda İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.
Görüş zamanı Azərbaycanın sığorta-pensiya sistemi, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan islahatlar, habelə gələcək əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb. DSMF-nin sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib. E.Mehdiyev ötən dövr ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, Azərbaycanda bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının icrası nəticəsində sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir.
Ə. Rəbii Azərbaycanın qabaqcıl dünya təcrübəsinə uyğun qurulmuş sığorta-pensiya sistemində görülən işləri, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Görüşdə həmçinin İran İslam Respublikasının nümayəndə heyətinin sualları cavablandırılıb, hər iki qurumun fəaliyyət təcrübəsi barədə qarşılıqlı məlumatlar verilib, gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.