“Müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması nəzərdə tutulur”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransında çıxışında deyib. Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib. Mikayıl Cabbarov ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib. Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Təhsil naziri bir sıra digər həlli vacib məsələlərlə bağlı fikirlərini bildirib, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.