DİN-də Polis Akademiyası məzunlarının püşkü atıldı
04 sentyabr 2013 17:11 (UTC +04:00)

DİN-də Polis Akademiyası məzunlarının püşkü atıldı

Sentyabrın 4-də Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunan tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulayıb: “Polis Akademiyasını bitirən məzunların, ali hüquq təhsili almış əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir”.

 

Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə Nazirliyə 121 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib. Nəticədə məzunlardan 72-si Bakı və Nəqliyyatda Baş Polis idarələrinin orqan və hissələrində, 49-u isə onların istəkləri nəzərə alınmaqla daimi yaşadıqları yerlər üzrə ərazi polis qurumlarında zabit vəzifələrinə təyinat alıb.
 

Tədbirə yekun vuran nazir həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1105
avatar

Oxşar yazılar