DİA-da multikulturalizm mövzusunda elmi konfrans keçirilib
24 aprel 2015 17:29 (UTC +04:00)

DİA-da multikulturalizm mövzusunda elmi konfrans keçirilib

 

Dövlət İdarəçilik Akademiyasında multikulturalizm mövzusunda elmi konfrans keçirilib

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.

Lent.az-ın məlumatına görə, akademiyanın rektoru Urxan Ələkbərov Azərbaycanın prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti barədə danışıb. Konfransda AR millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov “Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri”, Akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev “Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov “Azərbaycan dövlətinin multikulturalizm siyasətinin həyata keçirilməsində Multikulturalizm Mərkəzinin rolu”, AR Prezidenti yanında “Bilik” Fondunun aparat rəhbəri Hacı Abdulla “Ölkəmizdə multikultural mühitin möhkəmləndirilməsində “Bilik Fondu”nun layihələrinin əhəmiyyəti” və Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda məruzə edib.

 

Məruzələrdə multikultural təhlükəsizlik anlayışı, multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə danışılıb. Bildirilib ki, bir sıra Qərb ölkələrinin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti kimi qələmə verir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir.

 

Konfransda bildirilib ki, bu siyasətin əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulub. Multikulturalizm siyasəti müasir dövrdə də prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir: “Prezident  İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir”.

 

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbələri məruzələr ətrafında çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar