Bu gün Azərbaycanın dostu olan, general Leonid Vinoqradovun dəfn mərasimi keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı Baş KonsulluğundanAPA-ya verilən məlumata görə, dəfn mərasimində mərhumun yaxınları, dostları, Rusiya ictimaiyyəti, dövlət orqanlarının nümayəndələri, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşları, Sankt-Peterburqda yaşayan Azərbaycan diasporunun fəal üzvləri və nüfuzlu iş adamları iştirak ediblər.
Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov L.Vinoqradovun həyat yolundan danışıb, onun rus və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin inkişafında rolunu qeyd edib.
Dəfn mərasimində Puşkin şəhər Administrasiyasının rəhbəri İvan Stepanov, Puşkin şəhər bələdiyyə şurasının sədri Boris Kiselyov, Rusiya Federal Təhlükəsizlik Xidmətinin birinci sərhəd kadet korpusunun rəisi Eduard Filippov, Puşkin şəhərinin müharibə veteranları şurasının üzvləri və zabit dostları L.Vinoqradovun şərəfli həyat yolunu qeyd edərək, onun dövlət qarşısındakı misilsiz xidmətlərindən söz açdılar.
Dəfn mərasimi fəxri qarovulun və hərbi orkestrin müşayəti ilə keçirilib. Mərhumun şərəfinə yaylım atəşi açılıb və Rusiyanın dövlət himni sədaları altında mərhum torpağa tapşırılıb.
L. Vinoqradov 1979-1986-cı illərdə Zaqafqaziya hərbi dairəsində siyasi şöbənin rəisi, Azərbaycanda dislokasiya olmuş Bakı Ümumqoşun Birləşməsinin Hərbi Şurasının üzvü olub. L. Vinoqradov 1982-1986-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü olub. Ömrünün son illərini Puşkin şəhərində yaşayan Leonid Vinoqradov Azərbaycanla tarixi dostluq əlaqələrini qoruyub saxlayıb, Azərbaycan rəhbərliyi və dövlət xadimləri ilə daima təmasda olub. Eyni zamanda, L.Vinoqradov Sankt-Peterburqdakı Azərbaycan diasporu nümayəndələri ilə mütəmadi olaraq əlaqə saxlayıb.