Bədən qoxusu xəstəlikləri aşkarlamağa kömək edə bilər
06 oktyabr 2026 09:23 (UTC +04:00)

Bədən qoxusu xəstəlikləri aşkarlamağa kömək edə bilər

0

Parkinson xəstəliyi, COVID-19 və yüngül koqnitiv pozuntular bədən qoxusunun kimyəvi tərkibində dəyişikliklərlə müşayiət oluna bilər. Alimlər bu dəyişikliklərdən xəstəliklərin aşkarlanmasında istifadə imkanlarını araşdırıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Drezden Texniki Universitetinin alimləri uçucu üzvi birləşmələrin spektral izinə əsaslanan, orqanizmə müdaxilə tələb etməyən diaqnostika üsulu təqdim ediblər. 

Tədqiqatda 24 nəfər iştirak edib. Onlar sağlam könüllülər, Parkinson xəstələri, COVID-19 xəstələri və yüngül koqnitiv pozuntuları olan şəxslər olmaqla dörd qrupa bölünüblər. İştirakçıların burun, göbək və qulaq seyvanlarından adi steril pambıq çubuqlarla nümunələr götürülüb.

Nümunələr orta infraqırmızı diapazonda lazer fotoakustik spektroskopiyası ilə təhlil edilib. Araşdırmada dəri və selikli qişalardan toplanan ifrazatların kimyəvi tərkibinin xəstəlik qrupları arasında fərqləndiyi müəyyən olunub.

Statistik təhlil iştirakçıların qruplar üzrə fərqləndirilməsinin mümkün olduğunu göstərib. Tədqiqatçılar bildiriblər ki, beş əsas dalğa uzunluğunda aparılan ölçmələr xəstəliklərə xas spektral fərqləri müəyyənləşdirmək üçün kifayət edə bilər. Bu isə gələcəkdə portativ diaqnostika cihazlarının hazırlanmasına imkan yarada bilər.

Müəlliflərin sözlərinə görə, burun, qulaq və göbəkdən nümunə götürülməsinin nəfəs analizinə nisbətən üstünlüyü var. Bu nahiyələrdən əldə olunan nümunələrə ətir, qida və dərman kimi kənar amillərin təsirinin daha az olduğu bildirilir.

Texnologiya sürətli və ucuz tibbi testlərin hazırlanması üçün perspektivli hesab olunur. Bununla belə, cəmi 24 nəfərin iştirak etdiyi araşdırmanın nəticələri ilkin xarakter daşıyır və üsulun diaqnostik etibarlılığının daha geniş tədqiqatlarda yoxlanılması lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar