Bu gün avtosfer.az saytının 1 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, yol hərəkət təhlükəsizliyinin təbliği sahəsində ilk ixtisaslaşmış sayt olan avtosfer.az böyük oxucu kütləsi toplamağı bacarıb. Saytda yol hərəkət qaydalarının təbliği, yollarda baş verən maraqlı hadisələrin işıqlandırılması ilə yanaşı maarifləndirici materiallara da geniş yer verilir.
Saytın baş redaktoru Elməddin Muradlı 1 il ərzində görülmüş işlərlə bağlı danışıb: “Yol hərəkəti sahəsi elə bir mürəkkəb sahədir ki, burada danışmağa çox söz var, çox işləmək lazımdır. Hər gün qanunlar dəyişir, yenilənir və təcrübədə görürük ki, bəzən yol polisi bu dəyişiklikləri vaxtında və düzgün tətbiq etmir, bəzən də sürücülər dəyişikliklərdən tam məlumatlı olmurlar. Bu da yol polisi-sürücü münasibətlərində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Bütün bunları nəzərə alaraq bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni bir layihəyə start vermişik ki, burada da sırf yol polisi-sürücü münasibətlərindən bəhs olunur. Artıq layihənin icrasına başlamışıq. Tezliklə bu layihəmiz də ölkəyə səs salacaq. Necə ki, Avtosfer.az layihəsi rezonans doğurdu, yeni layihəmiz də belə olacaq”.