Havalar azca soyudu. Evi isitmək üçün müxtəlif cür qızdırıcılar işə salındı. Və başlandı...
Çox qorxulu bir düşmənlə üz-üzəyik. Əhatə ərazisi - bütün Azərbaycan. Hədəfi - bütün xalq. Nə yaşlı, nə cavana fərq qoyur. Xəbərlərə, xəbər saytlarına baxın, demək olar ki, hər gün bu barədə nəsə bir xəbər dəyəcək gözünüzə.
Bir də görürsən cavan bir uşağı, məktəb şagirdini aparıb həyatdan . O yazığın hələ təzə - təzə həyatı dərk edən dəmiydi. Yoldaşları ilə oynayan, heç nəyə məsuliyyət daşımayan, qayğısız uşaqlıq dəmi. Dəm qazı onu həyatın bu dəmində yaxaladı. Həyatın uşaqlıq dəmi, qaz dəmi ilə bitdi...
Bir də eşidirsən ki, cavan bir oğlana qıyıb. Elə bir yaşda ki, o yaşda cavanlara , zarafatyana həyatının “qazlı vaxtı”nı yaşayır deyirlər. Gözü sağı – solu görməyən, özünü bütün dünyanı bir yumruqla yerə sərə biləcək gücdə hiss edən vaxtlarını yaşayırdı. Həyat eşqi bütün dünyaya bəs edəcək anları. Ömrünün “ qazlı vaxtında”, qazla bitdi həyatı.
Bir də oxuyursan ki, yaşlı bir adamın həyatına son verib. Nəvə oynadan yaşda. Düşünürsən ki, bu adamın indi təqaüdçülər klubunda yoldaşları, həmyaşıdları ilə nərd oynayan çağıdı. Lap uzağı, stola gələn çayın dəmi ilə bağlı , çayçını çağırıb danlayan vaxtlarıdı. Di gəl nə təqaüd alıb xərcləyə bildi, nə təqaüdçülər klubunda nərd oynaya, nə də çayını dəmli içə. Dəm ona çaynikdəki çayda yox, qazın tərkibində gəldi. Gəldi və apardı...
Bizimki də belə gətirib... Bizi daha yaxşı yaşadacaq, firavanlıq gətirəcək dediyimiz şeylər, həyatımıza son verir. Uzun axtarışa, araşdırmaya gərək yoxdu, eləcə bir dəfə internetdə axtarış versəz, təkcə 2013-cü ilin qazdan neçə nəfərin həyatdan getdiyini öyrənsəz, şoka düşərsiz: 482 nəfər. Uşaqlıq dəmində, həyatının “qazlı” cavanlıq dövründə , lap elə son dəmlərini yaşayarkən həyatını itirən 482 insan...
Səbəblər? Hər gün deyilir səbəblər barəsində. Qeyri-standart məişət qızdırıcıları, düzgün istifadə olunmama, təhlükəsizlik texnikasına əməl etməmək və s.
Standarta uyğun olmayan cihaz, hardan gəlir, necə satılır? Təbii ehtiyatlarla bu qədər zəngin bir ölkənin vətəndaşı, təhlükəni gözə alaraq niyə evinin ortasında kustar qaz sobası qursun ki? Sual çoxdu, cavablı, ya cavabsız... Amma suallardan da çox hər gün işıqlı dünyaya yumulan gözlər, yarımçıq qalan həyatlar var...
Bircə bu “qaz dəmi” bitsəydi...