İyulun 19-da Azəri Gənclər Alyansı Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu” mövzusunda ikinci dəyirmi masa keçirib. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən toplantıya ekspertlər, taninmış QHT rəhbərləri, hazırda xaricdə təhsil alan, məzun olan fəal gənclər və media mənsubları qatılıblar.
Tədbirdə ADA-nın prorektoru Fariz İsmayılzadə, Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli, AR-nın Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov , ASAİF sədri Ramin Həkimov, QHT rəhbərləri çıxış edərək bildiriblər ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin seçkilərdə fəal iştirakı vətəndaş cəmiyyətin inkişafında xüsusi rol oynayır: “Gənclər indiki dönəmdə cəmiyyətin təkanverici avanqard hissəsidir. Onlar cəmiyyətdə detanator rolunu oynayırlar və cəmiyyətin digər təbəqələrini də hərəkətə gətirirlər. 2013-cü ilin prezident seçkilərinin sözün əsl mənasında “gənclərin seçkisi” olması potensialı böyükdür. 19-30 yaş arasında seçicilərin təxminən 30% gənclərin təşkil etməsi buna sübutdur”.