Ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımının şahidi olan Quba məzarlığında vəziyyət çox pis və acınacaqlıdır. Əgər bu il Quba məzarlığında sümüklər üzərinə şüşə örtük çəkilməsə, müvafiq tədbirlər görülməsə, məzarlıqdan əsər-əlamət qalmayacaq”.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib. O bildirib ki, ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımının şahidi olan Quba məzarlığı 2007-ci ildə olduğu kimi, aşkar edildiyi formada qalıb. Q. Ağayevin sözlərinə görə, bu günə kimi ərazidə müəyyən sürüşmələr gedib və sümüklərin bəziləri itib: “Amma bu il mütləq sümüklərin üzərinə şüşə örtük çəkilməlidir. Amma bu nə vaxt çəkiləcək? Artıq sentyabr ayıdır və havalar soyumağa başlayır. Əgər bu il də məzarlıqda şüşə örtük çəkilməsə məzarlığı tamamilə itirəcəyik. Biz məzarlığı çox çətinliklə, icra hakimiyyəti və institutun köməkliyi və primitiv üsullar ilə qoruyub saxlayırıq. Bu nə vaxta kimi belə davam edəcək. Əgər bu il də orada sümüklər üzərinə şüşə örtük çəkilməsə, tədbirlə görülməsə yüz faiz məzarlıqdan əsər-əlamət qalmayacaq. Çünki onu artıq qoruyub-saxlamaq imkanına malik deyilik. 2007-ci ildə açılan məzarlıqda 6 il ərzində heç bir iş görülməyib. Oranı nə qədər primitiv üsullarla qorumaq olar? Abidə açıq şəkildə küləyin, yağışın qarşısındadır. Bu dəqiqə vəziyyət çox pisdir”.
Q. Ağayevin məzarlığın ermənilərin azərbaycanlılara qarşı etdikləri soyqırımını açıq şəkildə dünya ictimaiyyətinə göstərən yeganə soyqırımı abidəsi olduğunu da vurğulayıb: “Bəzən ermənilər həmin məzarlıqda yatanların azərbaycanlılar yox, ermənilər olduğuna dair fikirlər səsləndirirlər. Əgər bu məzarlıq dağılsa, ermənilər sabah deyəcəklər ki, burada bir kompleks tikdilər, amma məzarlığı basdırdılar. Çünki orada yatan ermənilər idi”.
Tədqiqatçı onu da qeyd edib ki, məzarlığın yaxınlığında inşa olunan “Soyqırımı memorial kompleksi”ndə tikinti işləri başa çatıb. Onun sözlərinə görə, yaxın günlərdə “Soyqırımı memorial kompleksi”nın açılışı olacaq.