“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin, eləcə də respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrinin də içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Oğuz rayonun 7 - Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri başa çatdırılıb. “Azərsu” dan Lent.az-a verilən məlumata görə, adıcəkilən kəndlərdə suyun verilməsi ilə əlaqədar açılış mərasimləri keçirilib. “Azərsu” ASC-nin “Birləşmiş Su-kanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, Oğuz rayonunun 7 kəndinin 17 mindən artıq sakinin problemi öz həllini tapıb.
Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirib ki, bu gün istismara verilən içməli su layihələri ən gözəl bayram hədiyyəsidir.
Xatırladaq ki, “Azərsu” ASC Ağdam, Tərtər, Füzuli, Ağcabədi, Zaqatala, Balakən, Salyan, Xızı, Şabran, Siyəzən, Lerik, Yardımlı və Gədəbəy rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də qısa müddətdə belə layihələr həyata keçirib. Görülmüş tədbirlər nəticəsində 2012-ci ildə həmin rayonların 32 mindən çox sakininin içməli su problemi öz həllini tapıb.