“Dünyanın bəzi ölkələrində “quş qripi” (H7N9) qeydə alınsa da, onun insandan-insana keçmə halları təsdiqlənməyib.
Buna görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən həmin ölkələrə gedib-gəlmə, səfərlərlə bağlı hansısa məhdudiyyətlər yoxdur. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov deyib. Onun sözlərinə görə, “quş qripi” təhlükəsi ilə bağlı ÜST tərəfindən Azərbaycana hər hansı bir müraciət və ya tövsiyə daxil olmayıb.
Bu qripin yaz-yay mövsümündə pandemiyaya çevrilməsinin nə dərəcə mümkün olduğuna gəlincə, V.Qasımov qeyd edib ki, virusun insandan-insana keçməsi təsdiq olunmayıbsa, deməli, vəziyyət qorxulu deyil. Onun sözlərinə görə, bu virus insandan-insana keçmirsə, təhlükə törətmir. Yalnız xəstəlik insandan-insana keçdiyi halda pandemiya xarakteri ala bilər.
V.Qasımov Azərbaycanda yoluxucu xəstəliklərlə bağlı vəziyyətin stabil olduğunu açıqlayıb. Sektor müdiri qeyd edib ki, ölkədə hansısa bir xəstəliyin kəskin artması müşahidə olunmur.
Qeyd edək ki, ötən gün ÜST ekspertləri son zamanlar Çində ortaya çıxmış “quş qripi”nin yeni növünün (H7N9) insanlar üçün ciddi təhlükə olduğunu bildiriblər. Onların sözlərinə görə, insana yoluxan bu qrip çox yüksək ölüm göstəricisinə malikdir. Çoxlu sayda insanların yoluxması isə qripin ümumdünya pandemiyasına səbəb ola biləcəyini göstərir.