Sən Allah, gedin ayıbınıza kor olun
19 noyabr 2024 17:10 (UTC +04:00)

Sən Allah, gedin ayıbınıza kor olun

Bu gün maraqlı bir eksperiment eledik. Sosial şəbəkələrdə (həm də xalqımız arasında, çünki sosial şəbəkələr elə bizim xalqdı) çox qısa zamanda məşhurlaşmış Kəmalə Günəşli adlı müğənni ilə müsahibə elədik. 

Kəmalə Günəşli, Tamara, Niqulya kimi adlarla məşhurlaşmış, biabırçı, heç bir məzmunu olmayan “mahnılar” oxuyan bu xanımı uca xalqımız çox qısa müddətdə varlandırdı, ev-eşik, maşın, qızıl-brilyant sahibi elədi. Bəli, bəli, məhz uca xalqımız elədi. 

İkisinin də sağlığına qismət...

Biz müsahibəni alanda bilirdik ki, uca xalqımızın ancaq media üçün “elit takılan” nümayəndələri sosial şəbəkələrdə bizi qınayacaq, hətta təhqir edəcək. Amma axşam yenə gedib toylarına, ad günlərinə, dost-tanış məclislərinə Kəmalə xanımı çağıracaqlar. Hələ üstəlik əllərini də arada nəzir qutusu kimi 100 manatlıq və dollarlıqlarla dolduracaqlar. O xanım da bunu çəkib sosial şəbəkələrdə paylaşacaq. Uca xalqımız da bunu izləyəcək, bir-birinə göndərəcək, hətta o birilər də məclislərinə onu çağırmaq üçün yarışacaqlar. 

Hələ ən ağırı o olacaq ki, yanında toya apardığı xanımına 100 manatlıq paltar almayan bir bəy o biri bəylərdən geri qalmamaq üçün Niqulya xanımın ovcuna növbəti 100-lüyü basacaq. Amma bunlar gəlib, məsələn, lent.az-ın səhifəsində “aa, Niqulyadan müsahibə almısınız, sizə ayıb olsun, səviyyəsizlər” yazmaqla səviyyələrini artıracaqlar, camaata “elit”, yüksək dəyər sahibləri və böyük musiqinin mühafizəçiləri kimi görünəcəklər. Neçə illərdi jurnalistəm deyib, cümlənin mübtədası ilə xəbərinin yerini hələ də düz yaza bilməyənlər də bir yandan zəhləmizi tökəcək.  Sən Allah, gedin ayıbınıza kor olun! 

Kəmalə Günəşli adlı bu müğənninin instaqram hesabını 794 min adam izləyir. 794 min! Tiktok səhifəsinin 362 min abunəçisi var. Videolarına 12.8 milyon baxış olub! Ayrı-ayrı videolarına 100 minlərlə baxış var.

Sual yaranır, kimdi bu adamlar? Çinlilərdi, ya yaponlar? Bəlkə uzaq Braziliyadan qulaq asırlar sizin Kəmalə Günəşliyə? Bu uca xalqımızın elit nümayəndələri, sizsiniz, Kəmalə Günəşlini varlandıran da, məşhurlaşdıran da, bizi ondan müsahibə almağa məcbur edən də. 

Kəmalə Günəşlini söyməyə öyrəşdiyiniz media, televiziya məşhurlaşdırmayıb. Onu Siz məşhurlaşdırmısınız, çünki sosial şəbəkələrdəki sizsiniz. Onun lent.az redaksiyasına gəldiyi “Lexus”u (Sağlığına qismət!) Siz almısınız. Məhz Siz! O heç bir korrupsiya proyektinin iştirakçısı deyil, tender əməliyyatlarında iştirak etməyib. Özünüzdən hoqqa da çıxartmayın, onu varlılar da məclislərinə dəvət eləmir. 

Varlılar bir vaxt sizin kabinetlərdə, palatka toylarında guya lağ üçün oxudub (indi Kəmaləyə etdiyiniz bəhanə kimi), varlandırıb, indi əliniz çatmayan, ad, titul, çoxlu pul qazananları toylarına, məclislərinə çağırır. 

Kəmalə Günəşli özü demiş, “ kasıb-kusub”un müğənnisidi. 

Baxdığınızı, pul xərclədiyinizi, məşhurlaşdırdığınızı Sizə göstərmişik, həm də bütün “səviyyəsi” ilə,  niyə qəzəblənmisiniz? 

Səmimi olmağı öyrənin, bütün problemlər yalnız bundan sonra həll olunacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2052
avatar

Cavidan HUN

Oxşar yazılar